Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar
B Ə Y A N A T I
İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı hərbi, siyasi, ideoloji vasitələrlə yürütdüyü siyasətin əsas məqsədi azərbaycanlıları öz doğma torpaqlarından zor gücünə sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İran və Türkiyədən on minlərlə erməni ailəsinin köçürülməsi, tarixi torpaqlarımız olan İrəvan quberniyasında, habelə Naxçıvanda və digər bölgələrdə məskunlaşdırılması, 1828-1830-cu illərdə Azərbaycan əhalisinin etnik tərkibinin məqsədli şəkildə ermənilərin xeyrinə dəyişdirilməsi, erməni silahlı dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, onların insan hüquqlarının kütləvi surətdə pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalması, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri--bütün bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi mənfur siyasətin qanlı səhifələridir.
Bu məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları zaman – zaman ermənilər tərəfindən zəbt edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə insan həlak olmuşdur.
Ermənilərin azərbaycanlılara qarşı genetik nifrəti özünü tarixin bütün dövrlərində büruzə vermişdir. Qan yaddaşının təməlinə şovinizm hakim olan ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir.
Həmin il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutmuşlar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətmişlər. Martın 31-i və aprelin 1-də qırğınlar kütləvi şəkil almışdır.
Erməni daşnakları üç gün ərzində Bakıda 17 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv etmişlər. Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilmişdir.
Mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış, dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabazara çevrilmiş, əhalisi qətlə yetirilmişdir.
1988-ci ildə Ermənistan SSR Ali Soveti «Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında»” hüquqazidd qərar qəbul etdikdən sonra erməni silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ və ətraf yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl işğal edilmiş, 10 minlərlə insan kütləvi qırğınların qurbanı olmuş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, minlərlə soydaşımız, o cümlədən hərbi qulluqçular, uşaqlar, qadınlar, qocalar əsir və girov götürülmüş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdır.
Xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi və mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçilərinin təcavüzünə məruz qalmış, təhsil və səhiyyə obyektlərimiz yerlə yeksan edilmişdir. Ermənistan tərəfi terrorçu təşkilatlar yaratmış, erməni lobbisinin imkanlarını bu məqsədlərə yönəltmişdir.
Məlum olduğu kimi, 1918-ci il hadisələri zamanı Qubada ermənilərin xüsusi qəddarlıqla törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri erməni vandalizmini təsdiqləyən əyani faktlardır. Artıq bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir.
İnsanların kütləvi şəkildə qətlə yetirilməsini ehtiva edən “soyqırımı” termini işlədilən zaman öldürülmüş günahsız insanlar, kütləvi məzarlıqlar, tükürpədici işgəncə faktları göz önünə gəlir. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər qrupuna aid edilir.
Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. Soyqırımı və insanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir.
Beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının ərazi bütövlüyü, qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnamə, AŞ PA Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı Qətnamələrini qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası Prezidentinin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları rəsmi surətdə bəyan edilmişdir. 1998-ci ildən etibarən 31 mart Azərbaycanlıların soyqırımı günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.
Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqına müraciətlərində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımını həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağımızı bəyan etmişdir.
1918-ci il Mart soyqırımından 91 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdır.
Nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanıram. Ümid edirəm ki, Siz Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün imkanlarınızı səfərbər etməklə yardımçı olacaqsınız.
Elmira Süleymanova
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
29 mart 2009-cu il
Bəyanat BMT-nin Baş Katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.